17 March 2026
2026/03/13 - 15:52
View 62

İran İslam Respublikasının Səfirliyinin Ümumdünya Qüds Günü münasibətilə Bəyanatı

.

İran İslam Respublikasının Səfirliyinin Ümumdünya Qüds Günü münasibətilə Bəyanatı

 

Bismillahir-Rəhmanir-Rəhim

 

Bu gün, 13 mart 2026-cı il tarixi mübarək Ramazan ayının 23-cü gününə və "Ümumdünya Qüds Günü" olaraq elan edilmiş son cüməsinə təsadüf edir. Bu münasibətlə İslam ölkələrində həmin günün əziz tutulması üçün müxtəlif mərasimlər keçirilməkdədir.

 

Qüds Günü, bəşəriyyətin bir millətin öz müqəddəratını təyin etmək hüququnun tapdanmasına qarşı nümayiş etdirdiyi fitri və əxlaqi üsyanın rəmzi, habelə mütəşəkkil zülm qarşısında insanlıq vicdanının oyanış nidasıdır. Fələstin torpaqlarının və müsəlmanların ilk qibləsi olan müqəddəs Qüdsün işğalından 8 onillikdən artıq vaxt keçməsinə baxmayaraq, bu məsələ heç vaxt unudulmamışdır və unudulmayacaqdır. Fələstin İslam dünyasının can parasıdır; müdafiəsiz Fələstin xalqının çəkdiyi iztirablar təkcə müsəlmanların və azadlıqsevərlərin deyil, bütövlükdə bəşər vicdanının ortaq ağrısıdır. Şübhəsiz ki, bu dərin yara yalnız işğala son qoyulması və tam azadlıq əldə edilməsi ilə sağala bilər.

 

Bu gün artıq Fələstin məsələsi yalnız regional, ərəb və yaxud İslam dünyasının məsələsi deyil, dünyanın bütün azadlıqsevər insanlarının ortaq problemidir. Hazırda hətta yalançı insan haqları iddiaçıları belə, işğalçı rejimin törətdiyi aşkar cinayətlər, eləcə də Qəzza və Livanda on minlərlə məsum insanın qətlə yetirilməsi kimi soyqırımı və insanlıq əleyhinə cinayət aktları qarşısında daha sükut nümayiş etdirə bilmirlər.

 

Builki Qüds Gününü elə bir tarixi dönəmdə qeyd edirik ki, İran milləti sionist rejim və cinayətkar Amerikanın vəhşi hərbi təcavüzü qarşısında öz dövlət suverenliyini, milli ləyaqətini və ərazi bütövlüyünü qəhrəmancasına müdafiə etməkdədir. Sionist rejim və Amerikanın İrana qarşı hərbi təcavüzü, əslində bütün bölgəyə və İslam dünyasına yönəlmiş bir hücumdur və "Böyük İsrail" adlı mənfur xülyanı gerçəkləşdirmək məqsədi daşıyır. Şübhəsiz ki, İran xalqının müdafiəsi və sarsılmaz iradəsi ilə bu yuxu heç vaxt çin olmayacaqdır. Lakin bu reallıq, bütün müsəlman xalqların və azadlıqsevərlərin sionist rejimin təhlükəli fitnələrinə qarşı mübarizə aparmaq sahəsindəki tarixi məsuliyyətini əsla azaltmır.

 

İran İslam Respublikası, Fələstin millətinin öz müqəddəratını təyin etmək hüququnun gerçəkləşməsi və sionist rejimin işğal, aparteid və müstəmləkəçilik boyunduruğundan azad olması uğrunda apardığı qanuni mübarizəni dəstəkləmək sahəsindəki prinsipial siyasətinin davamlılığını bir daha vurğulayır. Beynəlxalq hüququn fundamental prinsiplərinə və BMT Nizamnaməsinə əsasən, bu təməl hüququn reallaşması və paytaxtı müqəddəs Qüds-şərif olmaqla bütün tarixi Fələstin torpaqlarında müstəqil Fələstin dövlətinin qurulması yolunda Fələstin xalqını dəstəkləməyi dünyanın bütün ölkələrinin mənəvi və hüquqi vəzifəsi olduğunu xatırladır.

 

İran İslam Respublikasının Azərbaycan Respublikasındakı Səfirliyi

متن دیدگاه
نظرات کاربران
تاکنون نظری ثبت نشده است