İran İslam Respublikasının Xarici İşlər Nazirliyinin ABŞ və sionist rejimin İrana qarşı hərbi təcavüzü ilə bağlı RƏSMİ BƏYANATI
.
İran İslam Respublikasının Xarici İşlər Nazirliyinin
ABŞ və sionist rejimin İrana qarşı hərbi təcavüzü ilə bağlı RƏSMİ BƏYANATI
Bismillahir-rəhmanir-rəhim
Qəhrəman və şərəfli İran xalqı,
Əziz iranlı həmvətənlər!
Müqəddəs və əziz Vətənimiz – başıuca, sivilizasiya yaradan İran bu gün bir daha ABŞ və sionist rejimin cinayət xarakterli hərbi təcavüzünə məruz qalmışdır.
ABŞ və sionist rejim bu gün səhər, Novruz bayramı ərəfəsində və mübarək Ramazan ayının onuncu günündə, İran İslam Respublikasının ərazi bütövlüyünü və milli suverenliyini açıq və kobud şəkildə pozaraq, ölkəmizin müxtəlif şəhərlərində bir sıra müdafiə infrastrukturu obyektlərini, eləcə də mülki təyinatlı məkanları hədəfə almış və onlara hücum etmişdir.
ABŞ və sionist rejimin İrana qarşı bu növbəti hərbi təcavüzü, İran ilə ABŞ arasında diplomatik prosesin davam etdiyi bir şəraitdə həyata keçirilmişdir. Biz ABŞ və sionist rejimin yeni hərbi təcavüz niyyətlərindən xəbərdar olmağımıza baxmayaraq, beynəlxalq ictimaiyyət və dünyanın bütün ölkələri qarşısında hüccəti tamamlamaq məqsədilə bir daha danışıqlar yolunu seçdik ki, İran xalqının haqlı mövqeyini nümayiş etdirək və hər hansı təcavüzü əsaslandırmaq üçün irəli sürülə biləcək bütün bəhanələrin qeyri-legitim və əsassız olduğunu sübut edək. Bu gün İran xalqı başıucadır, çünki müharibənin qarşısını almaq üçün üzərinə düşən bütün məsuliyyəti yerinə yetirmişdir. İndi isə Vətənin müdafiəsi və düşmənin hərbi təcavüzünə qarşı qətiyyətlə müqavimət göstərmək zamanıdır. Necə ki danışıqlara hazır idiksə, bu gün də İranı qorumaq üçün hər zamankından daha artıq hazırıq. İran İslam Respublikasının Silahlı Qüvvələri təcavüzkarlara layiqli və qəti cavab verəcəkdir.
ABŞ və sionist rejim tərəfindən İrana qarşı həyata keçirilən hava hücumları Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinin 2-ci maddəsinin 4-cü bəndinin açıq şəkildə pozulması olmaqla yanaşı, İran İslam Respublikasına qarşı aşkar silahlı təcavüz aktıdır. Bu təcavüzə cavab vermək BMT Nizamnaməsinin 51-ci maddəsinə uyğun olaraq İranın qanuni və legitim hüququdur və İran İslam Respublikasının Silahlı Qüvvələri bu cinayətkar təcavüzə qarşı mübarizə aparmaq, düşmənin şər və təhdidedici hərəkətlərini dəf etmək üçün bütün imkan və potensialından istifadə edəcəkdir.
İran İslam Respublikası Birləşmiş Millətlər Təşkilatının və Təhlükəsizlik Şurasının ABŞ və sionist rejimin İrana qarşı açıq hərbi təcavüzü nəticəsində beynəlxalq sülh və təhlükəsizliyin pozulmasına qarşı dərhal və təsirli tədbirlər görmək kimi mühüm məsuliyyətini bir daha xatırladır və BMT-nin Baş katibini, Təhlükəsizlik Şurasının sədrini və Şura üzvlərini öz vəzifə və öhdəliklərini ən qısa zamanda yerinə yetirməyə çağırır.
Birləşmiş Millətlər Təşkilatına üzv olan bütün dövlətlərdən, xüsusilə region və İslam ölkələrindən, Qoşulmama Hərəkatının üzvlərindən, eləcə də beynəlxalq sülh və təhlükəsizliyin qorunmasına qarşı məsuliyyət hiss edən bütün hökumətlərdən gözlənilir ki, bu açıq təcavüz aktını qətiyyətlə pisləməklə yanaşı, regionu və dünyanı misilsiz təhlükə ilə üz-üzə qoyan bu hərəkətə qarşı təxirəsalınmaz və kollektiv tədbirlər həyata keçirsinlər.
Bu gün, tarixin böyük sınaq anının yetişdiyi bir məqamda, İran İslam Respublikasının Silahlı Qüvvələri bu torpağın zəngin və şanlı qəhrəmanlıq irsindən ilham alaraq, Uca Allaha təvəkkül etməklə, ilahi qələbə vədəsinə sarsılmaz imanla və milli gücə arxalanaraq, əziz Vətənimizin fədakar və qətiyyətli müdafiəsində heç bir tərəddüd göstərməyəcəklər.
Tarix şahiddir ki, iranlılar heç vaxt yadların hökmranlığına, zorakılığına və təcavüzünə boyun əyməmişlər; bu dəfə də İran xalqının cavabı qəti, həlledici və ibrətamiz olacaq, təcavüzkarları öz cinayətkar əməllərindən peşman edəcəkdir.
Yaşasın İran!
İran İslam Respublikasının Xarici İşlər Nazirliyi