Tarixin saxtalaşdırılmasına və İran İslam Respublikası ilə Azərbaycan Respublikası xalqları arasında mövcud olan qırılmaz bağların zədələnməsinə yönəl
.
Tarixin saxtalaşdırılmasına və İran İslam Respublikası ilə Azərbaycan Respublikası xalqları arasında mövcud olan qırılmaz bağların zədələnməsinə yönəlmiş cəhdlərə dair bəyanat
İran İslam Respublikasının Bakıdakı Səfirliyi, 26 dekabr 2025-ci il tarixində Azərbaycan Respublikasının informasiya agentliklərindən birində dərc edilmiş “«Azərbaycan» qəzeti; Səttarxanın ilk sayını görüb ağladığı qəzet - araşdırma” adlı məqalədə yer alan, tarixi faktların reallığa uyğun olmayan şəkildə təqdim edilməsi və bu yanaşmanın İran İslam Respublikası ilə Azərbaycan Respublikası arasında dostluq və mehriban qonşuluq münasibətlərinin ruhuna zidd olması ilə bağlı aşağıdakı mövqeyini bildirir:
- Sözügedən materialda məqsəd formal olaraq “Azərbaycan” qəzetinin tarixi təqdimatı kimi göstərilsə də, məzmun etibarilə İranda baş vermiş tarixi hadisələrə dair elmi əsaslara söykənməyən, seçmə və yönlü şərhlər irəli sürülmüşdür. Tarixi proseslərin obyektiv, metodoloji və sənədlərə əsaslanan şəkildə araşdırılması yalnız elmi yanaşma çərçivəsində mümkün ola bilər. Bu baxımdan, əgər məqsəd həqiqətən də ideoloji yönümlü yanaşmalar deyil, elmi və tədqiqat xarakterli tarixşünaslıqdırsa, İran İslam Respublikasının Bakıdakı Səfirliyi bu istiqamətdə çalışan mütəxəssis və tədqiqatçılara İranın mötəbər elmi və arxiv mərkəzlərində, o cümlədən İran İslam Respublikası Xarici İşlər Nazirliyinin Sənədlər və Diplomatiya Tarixi Mərkəzində saxlanılan etibarlı tarixi mənbələrlə tanış olmaqda zəruri dəstəyi göstərməyə hazırdır. İlkin addım kimi, 1918-ci ilin yanvar–mart aylarında Bakıda fars dilində nəşr edilmiş “Azərbaycan” qəzetinin tam arxiv toplusunun aidiyyəti media qurumuna təqdim edilməsi mümkündür. Bu materialların dərc edilməsi oxucuların tarixi hadisələrlə ilkin mənbələr əsasında tanış olmasına şərait yaradacaqdır. Tarixi mənbələrə istinad edərkən, onların məzmunu, konteksti və yazı üslubu nəzərə alınmalı, seçmə yanaşma və məqsədli nəticə çıxarılmasından çəkinilməlidir. Xüsusilə, İrana dərin bağlılığı ümumi şəkildə qəbul edilmiş Səttarxan şəxsiyyətinin tarixi rolunun təhrif edilməsi elmi tədqiqat prinsipləri və peşəkar etik normalarla uzlaşmır. Bu çərçivədə, ortaq tarixi, mədəni, dini və sivilizasion bağlara malik iki xalqın ümumi tarixinin sənədlərə əsaslanan şəkildə araşdırılması məqsədilə, elmi əsərlərin müəllifi olan nüfuzlu mütəxəssislərdən ibarət birgə tədqiqat komitəsinin yaradılmasına və onun fəaliyyətinin dəstəklənməsinə Səfirlik tam hazır olduğunu bildirir.
- Tarixi əsası olmayan, uydurma termin və anlayışlardan istifadə etməklə İranın tarixi coğrafiyasına istinad edilməsi nə elmi tədqiqat standartlarına, nə də peşəkar media etikasına uyğundur və materialın qeyri-sənədli xarakter daşıdığını açıq şəkildə nümayiş etdirir. Bu cür yanaşma tarixi faktların subyektiv və məqsədli şəkildə yenidən yozulmasına, nəticə etibarilə isə tarixin siyasiləşdirilməsinə xidmət edir. Belə cəhdlər vaxtilə Sovet İttifaqının uğursuz müstəmləkəçi siyasətlərini əsaslandırmaq və İran ərazisinin parçalanmasına haqq qazandırmaq məqsədilə, Kommunist Partiyasının rəhbərliyi altında həyata keçirilmiş və nəticəsiz olduğu hamıya məlumdur. Şübhəsiz ki, bu gün iki ölkənin düşmənləri tərəfindən fərqli formalarda aparılan oxşar cəhdlər də eyni aqibətlə üzləşəcəkdir.
- Sözügedən məqalənin İran İslam Respublikasının Azərbaycan Respublikasının müstəqilliyini tanımasının 34-cü ildönümü ərəfəsində dərc edilməsi, onun dərc olunma vaxtı və motivləri ilə bağlı təbii suallar doğurur. Halbuki, İran İslam Respublikasının həmin tarixi addımı iki xalq arasındakı dərin tarixi bağlara və qarşılıqlı hörmətə əsaslanmış, dost, qardaş və qonşu Azərbaycan xalqının seçiminə, müstəqilliyinə və suverenliyinə hörmətin bariz nümunəsi olmuşdur.
- Gözlənilir ki, kütləvi informasiya vasitələri peşəkar məsuliyyətlərini rəhbər tutaraq, tarixi mövzuların işıqlandırılmasında obyektivlik və sənədlərə əsaslanma prinsipinə riayət etsin, İran İslam Respublikası ilə Azərbaycan Respublikası arasında mövcud olan dostluq münasibətlərinin möhkəmlənməsinə töhfə verən yanaşmalara üstünlük versin və iki ölkə arasındakı münasibətlərə xələl gətirməyə yönəlmiş cəhdlər üçün informasiya platformalarının sui-istifadə predmetinə çevrilməsinə imkan verməsin.
İran İslam Respublikasının Bakıdakı Səfirliyinin Mətbuat Xidməti