31 January 2026
2025/12/25 - 18:16
View 62

TELEQRAF.AZ MÜXBİRİNİN İRAN İSLAM RESPUBLİKASININ SƏFİRİ İLƏ İRAN-AZƏRBAYCAN MÜNASİBƏTLƏRİ VƏ BÖLGƏDƏKİ PROSESLƏRƏ DAİR MÜSAHİBƏSİ

.

"Teleqraf.az" müxbirinin İran İslam Respublikasının səfiri ilə İran-Azərbaycan münasibətləri və bölgədəki proseslərə dair müsahibəsi

 

  • Cənab səfir, hazırkı mərhələdə İran İslam Respublikası ilə Azərbaycan Respublikası arasında ikitərəfli münasibətlərin səviyyəsini necə qiymətləndirirsiniz?

Bu günlər İran İslam Respublikasının Azərbaycan Respublikasının müstəqilliyini tanımasının və iki ölkə arasında rəsmi diplomatik münasibətlərin qurulmasının 34-cü ildönümünə təsadüf edir. Son 34 il ərzində İran və Azərbaycan arasında münasibətlər ümumilikdə müsbət və yüksələn xətt üzrə inkişaf etmişdir. Bununla belə, mövcud əlaqələr hələ də iki xalqın gözləntilərinə tam cavab verən arzuolunan səviyyəyə çatmamışdır. Bununla yanaşı, iki ölkə arasında mövcud olan dərin tarixi, mədəni və dini bağlılıqlar münasibətlərin bütün istiqamətlər üzrə genişləndirilməsi üçün mühüm və dəyərli potensial formalaşdırır.

İran İslam Respublikası Azərbaycanın müstəqilliyinin ilk günlərindən etibarən bu ölkənin dövləti və xalqının yanında olmuş, Bakıda diplomatik nümayəndəliyinin statusunu baş konsulluqdan səfirlik səviyyəsinə yüksəltməklə qarşılıqlı əlaqələrin rəsmi və institusional əsasda inkişaf etdirilməsi istiqamətində mühüm addım atmışdır. Bu qərar praktikada qarşılıqlı etimadın möhkəmləndirilməsinə və konstruktiv əməkdaşlığın inkişafına xidmət etmişdir.

Müstəqilliyin ilk illərində İran siyasi, iqtisadi, humanitar və təhlükəsizlik sahələrində fəal rol oynamışdır. Xüsusilə Naxçıvan Muxtar Respublikasının enerji və yanacaqla təmin olunması, müharibə dövründə məcburi köçkünlərə və yaralılara humanitar yardımın göstərilməsi, əhalinin zəruri ehtiyaclarının qarşılanması, habelə həmin dövrdə mövcud təhdidlərə qarşı hərbi qüvvələrin hazırlanması və təchiz olunması sahələrində əməkdaşlıq həyata keçirilmişdir. Bundan əlavə, İran müxtəlif dövrlərdə Azərbaycanın əsas ticarət tərəfdaşlarından biri olmuş və beynəlxalq platformalarda daim Azərbaycanın ərazi bütövlüyünə və suverenliyinə qətiyyətli dəstəyini ifadə etmişdir.

Bu gün iki ölkə rəhbərlərinin ikitərəfli münasibətlərin ardıcıl və davamlı inkişafına yönəlmiş siyasi iradəsi əlaqələrin gələcəyi üçün ümidverici perspektiv formalaşdırır. Gələcəyə yönəlik baxışla hesab edirik ki, iqtisadiyyat, enerji, tranzit, mədəniyyət və elm sahələrində əməkdaşlığın genişləndirilməsi iki xalqın maraqlarına, eləcə də regional sabitlik və inkişafın möhkəmlənməsinə xidmət edə bilər.

  • Bakıda keçirilmiş İran–Azərbaycan–Rusiya üçtərəfli görüşünün nəticələrini necə dəyərləndirirsiniz? Həmçinin İranın yol və şəhərsalma naziri xanım Fərzanə Sadiq qeyd etmişdir ki, cənab Prezident Məsud Pezeşkian bu görüşün Bakıda keçirilməsi üçün xüsusi diplomatik səylər göstərmişdir.

Üçtərəfli görüş İran İslam Respublikasının yol və şəhərsalma naziri, Azərbaycan Respublikasının və Rusiya Federasiyasının baş nazir müavinlərinin iştirakı ilə keçirilmişdir. Görüş çərçivəsində gömrük və nəqliyyat sahələri üzrə birgə işçi qrupları yaradılmış, 15 milyon ton yükün tranzitinin asanlaşdırılması məqsədilə konkret planlaşdırma aparılmışdır. Hər üç ölkənin nümayəndə heyətləri Astara dəmir yolu terminalının və ikinci sərhəd körpüsünün tamamlanma prosesi ilə yerində tanış olmuşlar.

İran, Azərbaycan və Rusiya arasında üçtərəfli əməkdaşlıq hər üç ölkənin milli maraqlarına cavab verir və xüsusilə enerji, nəqliyyat və tranzit sahələrində mövcud regional potensialdan daha səmərəli istifadəyə imkan yaradır.

  • “Şimal–Cənub” beynəlxalq nəqliyyat dəhlizinin region üçün əhəmiyyəti nədən ibarətdir?

 “Şimal–Cənub” beynəlxalq nəqliyyat dəhlizi yalnız İran və Azərbaycan üçün deyil, bütövlükdə Avrasiya regionu üçün strateji əhəmiyyət daşıyır. Bu marşrut İranın cənub limanlarını Rusiya və Avropa bazarları ilə birləşdirərək yükdaşımaların vaxtını və xərclərini əhəmiyyətli dərəcədə azaltmaqla yanaşı, ticarət, investisiya və infrastruktur əməkdaşlığı üçün yeni imkanlar yaradır. İran İslam Respublikası hesab edir ki, bu layihənin icrasında Azərbaycanla əməkdaşlığın gücləndirilməsi regional tranzit mövqelərinin möhkəmlənməsinə mühüm töhfə verəcəkdir. Bu məqsədlə dəhliz boyunca dəmir yolu və avtomobil yollarının inkişafı region ölkələrinin iştirakı ilə ardıcıl şəkildə davam etdirilir.

  • Araz dəhlizi layihəsinin icrasının hazırkı mərhələsi barədə məlumat verməyinizi xahiş edirik.

Araz dəhlizi Azərbaycanın əsas ərazisindən Naxçıvana İran ərazisi vasitəsilə çıxışı asanlaşdırmağı və Culfa–Kəlalə oxunu regionun güclü avtomobil və dəmir yolu keçidinə çevirməyi hədəfləyən bir tranzit marşrutudur. Sözügedən marşrut son 34 il ərzində istifadə olunsa da, hazırda onun ötürücülük qabiliyyətinin artırılması və hərəkətin daha da asanlaşdırılması gündəmdədir. Layihə mövcud yolların təkmilləşdirilməsini, yeni körpülərin tikintisini və ya mövcud körpülərin yenilənməsini, tunellərin inşasını, habelə nəqliyyat və gömrük infrastrukturunun gücləndirilməsini nəzərdə tutur.

  • Azərbaycan və Ermənistan arasında sülh prosesinin gedişini necə qiymətləndirirsiniz?

İran İslam Respublikası hesab edir ki, Cənubi Qafqazda davamlı və dayanıqlı sülh yalnız dialoq, qarşılıqlı hörmət və beynəlxalq hüquq prinsipləri əsasında, region ölkələrinin ümumi maraqları nəzərə alınmaqla mümkündür. Bu baxımdan Azərbaycan və Ermənistan arasında aparılan danışıqları keçmiş gərginliklərin aradan qaldırılması və yeni əməkdaşlıq mərhələsinin başlanması baxımından müsbət və zəruri addım kimi qiymətləndiririk.

İran hər zaman Bakı ilə İrəvan arasında hərtərəfli sülh sazişinin imzalanmasını dəstəklədiyini bəyan etmiş və dialoqun asanlaşdırılmasına töhfə verməyə hazır olduğunu bildirmişdir. Tehran hesab edir ki, Cənubi Qafqaz xarici geosiyasi rəqabət və müdaxilələr məkanına çevrilməməli, region ölkələri problemlərin həllinə dialoq və konstruktiv əməkdaşlıq yolu ilə nail olmalıdırlar.

  • İran–Azərbaycan münasibətlərinin gələcək perspektivlərini necə görürsünüz?

Gələcək perspektivdə İran–Azərbaycan münasibətlərini müsbət, dinamik və qarşılıqlı hörmətə əsaslanan əlaqələr kimi dəyərləndiririk. Tarixi, mədəni və dini ortaq dəyərlər iki ölkə arasında möhkəm ictimai və mənəvi zəmin formalaşdırır. Enerji, tranzit, ticarət, kənd təsərrüfatı, texnologiya, təhsil və turizm sahələrində mövcud potensialın fəallaşdırılması münasibətləri strateji səviyyəyə yüksəldə bilər. İran regional dəhlizlərin tamamlanması, ticarət əlaqələrinin genişləndirilməsi və birgə iqtisadi layihələrin həyata keçirilməsi istiqamətində Azərbaycanla əməkdaşlığa tam hazırdır.

  • Hazırda iki ölkə arasında yeni layihələrin icrası nəzərdən keçirilirmi?

İki ölkə arasında iqtisadi əməkdaşlıq həm dövlət, həm də özəl sektor səviyyəsində ardıcıl şəkildə davam etdirilir. Birgə iqtisadi komissiyanın mütəmadi iclasları əməkdaşlığın əsas istiqamətlərini müəyyənləşdirir. İranlı iş adamları Azərbaycanın azad edilmiş ərazilərində investisiya qoyuluşuna, eləcə də tranzit və enerji sahələrində əməkdaşlığa ciddi maraq göstərirlər.

  • Yaxın gələcəkdə yüksək səviyyəli qarşılıqlı səfərlər planlaşdırılırmı?

Yüksək səviyyəli qarşılıqlı səfərlər ikitərəfli münasibətlərin dinamik inkişafı baxımından xüsusi əhəmiyyət kəsb edir. Cənab Prezident Məsud Pezeşkianın Bakıya və Xankəndiyə səfərlərindən sonra Azərbaycan Respublikasının Prezidentinin Tehrana səfəri üzərində müvafiq işlər aparılır. Bu səfərlərin siyasi, iqtisadi və mədəni əməkdaşlığın daha da möhkəmləndirilməsinə xidmət edəcəyi gözlənilir. Dövlət başçıları arasında mövcud olan səmimi və dostluq münasibətləri bu prosesə mühüm töhfə verir.

  • Azad edilmiş ərazilərə səfərinizlə bağlı təəssüratlarınızı bölüşərdiniz.

Bu səfər mənim üçün olduqca dəyərli və təsirli olmuşdur. Azərbaycanın azad edilmiş ərazilərində həyata keçirilən genişmiqyaslı bərpa və quruculuq işləri milli iradənin, dövlətçilik əzminin və gələcəyə inamın bariz təzahürüdür. Yol və nəqliyyat infrastrukturu, hava limanları, şəhərsalma layihələri, təhsil və dini obyektlərin bərpası regionda sabitlik və davamlı inkişaf mesajı verir. İran bu prosesdə texniki və mühəndislik imkanları ilə əməkdaşlığa hazır olduğunu bildirir.

  • Hazırda İrandan Azərbaycana səfər edən turistlərin sayı nə qədərdir?

İran Air və AZAL aviaşirkətlərinin Tehran–Bakı və Təbriz–Bakı marşrutları üzrə həyata keçirilən uçuşlar vasitəsilə ayda orta hesabla 3 min nəfər İran vətəndaşı Azərbaycana səfər edir. 2020-ci ildən etibarən quru sərhədlərin bağlı qalması turist axınının azalmasına səbəb olsa da, birbaşa aviareyslər əlaqələrin davam etdirilməsinə imkan yaradır. Ümidvarıq ki, quru sərhədlərin açılması ilə turizm sahəsində qarşılıqlı əlaqələr daha da canlanacaq.

 

 

***

متن دیدگاه
نظرات کاربران
تاکنون نظری ثبت نشده است