News Agency:Xəbərlər
İran İslam Respublikasının Azərbaycan Respublikasındakı səfiri cənab Müctəba Dəmirçilunun mətbuat konfransı 02.03.2026
.
İran İslam Respublikasının Azərbaycan Respublikasındakı səfiri cənab Müctəba Dəmirçilunun mətbuat konfransı 02.03.2026   Bismillahir-Rəhmanir-Rəhim Media mənsublarını və hörmətli qonaqları salamlayıram. İran İslam Respublikasının Bakıdakı səfirliyinə təşrif buyurduğunuz üçün hər birinizə təşəkkürümü bildirirəm. Bu gün, bazar ertəsi, Cenevrədə İran və ABŞ arasındakı dialoqun davamı olaraq Vyanada ekspertlər səviyyəsində görüşlərin keçirilməsi planlaşdırıldığı bir vaxtda, təəssüf ki, beynəlxalq hüquq normalarının növbəti dəfə kobud şəkildə pozulmasının şahidi oluruq. Diplomatiya yolunun tən ortasında İrana qarşı hərbi təcavüz variantının seçilməsi ilk hal deyil. Bundan əvvəl, 2025-ci ilin iyununda, məhz danışıqlar prosesinin gedişatında sionist rejimin Amerika Birləşmiş Ştatları ilə birgə İran torpaqlarına hərbi hücumunun şahidi olmuşduq. Biz bu ikili davranışı və sözlə əməl arasındakı ziddiyyəti açıq-aşkar riyakarlıq kimi qiymətləndiririk. Bu gün, sionist rejim və ABŞ-ın İrana qarşı birgə hərbi təcavüzünün üçüncü günündə, İran İslam Respublikası özünün qanuni və legitim özünümüdafiə hüququna istinad edərək cavab tədbirlərinə başlamış və regionda təcavüzkarların istifadəsində olan hərbi bazaları hədəf almışdır. Xüsusi olaraq qeyd və təkid etmək lazımdır ki, İran İslam Respublikasının bu addımları dost və qonşu ölkələrə qarşı deyil; İranın hücumlarının hədəfi yalnız təcavüzkarların ölkəmizə qarşı hərbi hücum üçün istifadə etdikləri və etməkdə olduqları hərbi bazalardır. Son üç gündür davam edən bu hərbi təcavüz, ABŞ və sionist rejimin İran İslam Respublikasına qarşı apardığı "hibrid müharibə"nin bir hissəsidir. Məlumunuz olduğu kimi, bu hadisələr nəticəsində nəinki İranın Ali Rəhbəri şəhid olmuş, həmçinin çox sayda dinc sakin, o cümlədən uşaqlar da həyatlarını itirərək şəhadət məqamına ucalmışlar. Yəqin ki, xəbərləri izləyərək məlumatlısınız: təcavüzün elə ilk günündə Minab şəhərində yerləşən qızlar ibtidai məktəbi hədəf alınmış və bina tamamilə dağılmışdır. Dağıntılar altından nəşlərin çıxarılması ilə, orada şəhid olan azyaşlı məktəbli qızların sayı təəssüf ki, 180 nəfərə çatmışdır. Fars əyalətinin Lamərd şəhərində voleybol zalı hücuma məruz qalmış və təəssüf ki, orada da 18 gənc qız voleybolçu şəhid olmuşdur. Ötən gün isə Tehran şəhərində güləş və həndbol zalları, habelə Qandi xəstəxanası hədəfə alınmışdır. Təəssüflər olsun ki, həm idmançılar, həm də xəstəxanada müalicə alan yaralılar və xəstə insanlar bu hücumlardan zərər görmüşdür. Eyni zamanda, dünən axşam Tehranda Radio və Televiziya (Seda və Sima) binası hücuma məruz qalmışdır. Bildiyiniz kimi, bu ilk dəfə deyil; əvvəlki təcavüz zamanı da həmin bina hədəf seçilmişdi. Texnologiyanın bu dərəcə inkişaf etdiyi, hər bir məkanın bütün detallarına qədər əlçatan olduğu müasir dünyada, mülki hədəflərin "təsadüfən" vurulduğuna inanmaq mümkün deyil və qəbuledilməzdir. Təəssüf ki, İranın müxtəlif şəhərlərinə hərbi təcavüz hələ də davam edir. Doğma həmvətənlərimizin şəhadətinə görə matəm libası geyindiyimiz bu ağır günlərdə, təcavüz tamamilə dayandırılana qədər müdafiəmizi qətiyyətlə davam etdirəcəyik. Xəbərlərdə izlədiyiniz kimi, Ali Rəhbərimizin şəhadəti ilə eyni vaxtda onun ailə üzvləri də şəhid olmuşlar. Onun 14 aylıq nəvəsi, gəlini və kürəkəni yaşayış və iş yerinə edilən hücum zamanı şəhid olanlar arasındadırlar. Ali Rəhbərimiz hər zaman sadə bir insan kimi yaşamağa təkid edərdi. Onun yaşayış yerindən əvvəllər yayımlanmış görüntülər də sübut edir ki, o, heç bir vəchlə özünü sıravi insanlardan ayırmaq istəmirdi. Belə çətin şəraitdə belə sığınacaq axtarmaq və ya təhlükəsiz yerə getmək niyyətində deyildi; inanırdı ki, digər insanlar kimi normal həyat sürməlidir. Hərbi baxımdan iki mərtəbəli, çox kiçik və tanınmış bir yaşayış binasını hədəf almağın heç bir əhəmiyyəti yoxdur. Lakin eyni zamanda bilirsiniz ki, dövlət rəhbərlərinin hədəfə alınması beynəlxalq hüququn kobud şəkildə pozulmasıdır. İranın Ali Rəhbəri ölkəmiz üçün yüksək rütbəli siyasi məqam olmaqla yanaşı, həm də İslam dünyasında çoxsaylı ardıcılları (müqəllidləri) olan böyük bir din alimi, dini şəxsiyyət və mərceyi-təqliddir. Təbiidir ki, onun şəhadəti bütün dünyada müsəlmanların kəskin reaksiyası ilə qarşılanır. Vurğulamaq istəyirəm ki, hazırda İran tərəfindən həyata keçirilən tədbirlər beynəlxalq hüquq baxımından "legitim müdafiə" hesab olunur və bu, İrana qarşı edilən təcavüzə cavabdır. Onların hərbi təcavüzü davam etdirəcəyi, İranın isə əl-qolunu bağlayıb sadəcə seyrçi qalacağı gözləntisi qətiyyən qəbulolunmazdır və real bir yanaşma hesab edilə bilməz. Çıxışımın sonunda bu çətin günlərdə başsağlığı və həmrəylik mesajları göndərərək öz dəstəklərini nümayiş etdirən, yanımızda olan Azərbaycan Respublikasının dövlətinə və xalqına təşəkkür etməyi özümə borc bilirəm. Bu, bizim müştərək mədəniyyətimizin bir parçasıdır. Siz, şübhəsiz ki, media vasitəsilə cənab İlham Əliyevin Ali Dini Rəhbərin şəhadəti ilə bağlı cənab Pezeşkiana ünvanladığı başsağlığı mesajından xəbərdarsınız. Həmçinin, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin cənab Ceyhun Bayramovun İranlı həmkarı cənab Əraqçi ilə telefon danışığı barədə yaydığı xəbəri görmüsünüz. Orada Azərbaycanın mövqeyi açıq şəkildə bəyan edilmişdir: Azərbaycan Respublikası tərəfindən İrana qarşı hər hansı təhdidə heç bir vəchlə yol verilməyəcəkdir. Azərbaycanın yüksək rütbəli rəsmilərinin təkid etdiyi kimi, biz də əminik ki, Azərbaycan ərazisindən İrana qarşı heç bir təhlükə yönəlməyəcəkdir. Lakin bununla yanaşı, biz fərqindəyik ki, sionist rejimin əsas siyasətlərindən biri qonşu ölkələr arasında qarşıdurma yaratmaqdır. Odur ki, bu məsələdə zəruri ayıq-sayıqlıq nümayiş etdirilməli, Azərbaycan Respublikasının məkanından İrana qarşı sui-istifadə hallarına imkan verilməməlidir. Diqqətinizə görə təşəkkür edirəm və suallarınız varsa, cavablandırmağa hazıram. İran islam respublikası baş verən hadisələr fonunda beynəlxalq hüquq müstəvisində hansı addımların atılmasını nəzərdən keçirir? Biri var hərbi istiqamətdə cavab vermək, biri də var beynəlxalq hüquq müstəvisində. İran İslam Respublikası həyata keçirdiyi müxtəlif tədbirlərlə paralel olaraq, beynəlxalq qurumların potensialından istifadəni də gündəliyinə daxil etmişdir. Məlumatınız olduğu kimi, İran İslam Respublikasına qarşı təcavüz başlayan kimi dərhal BMT Təhlükəsizlik Şurasına etiraz bildirilmiş və Şuranın fövqəladə iclasının keçirilməsi tələb olunmuşdur. Həmçinin, İran İslam Respublikasının Xarici İşlər naziri həm Təhlükəsizlik Şurasının sədrinə, həm də BMT-nin Baş katibinə məktub ünvanlayaraq, onları bu təcavüzün pislənilməsi və dayandırılması üçün qəti addımlar atmağa çağırmışdır. Bundan əlavə, İranın dinc nüvə mərkəzlərinə edilən hücumlar beynəlxalq hüquq normalarının birbaşa pozulması olduğundan, İran öz etirazını Beynəlxalq Atom Enerjisi Agentliyinə çatdırmış və Agentliyin Rəhbərlər Şurasının iclasının çağırılmasını tələb etmişdir. Beləliklə, bu təcavüzün pislənilməsi və dayandırılması məqsədilə beynəlxalq təşkilatlarla sıx əməkdaşlığın davam etdirilməsi gündəliyimizdəki əsas məsələlərdən biridir. Yaxın Şərq ölkələrində bəzi bəyanatlar oldu ki İranın onlara hücumu cavabsız qalmayacaq. İran özünə qarşı hər hansısa bir addım gözləyirmi? Birdəki, danışıqlar haqqında düşünürsünüzmü? Bəzi məlumatlar yayılıb ki, İran tərəfi danışıqlar üçün müraciət edib. Müzakirələr gözlənilirmi? Sualınızın birinci hissəsinə gəldikdə, qeyd etmək lazımdır ki, İranın qonşu ölkələrdə həyata keçirdiyi müdafiə tədbirləri ilə bağlı bir daha vurğulayıram: bu addımlar qətiyyən bizim dost və qonşu ölkələrimizə qarşı yönəlməyib. İran tərəfindən hədəf alınan məkanlar yalnız və yalnız İrana qarşı istifadə olunan, ABŞ və sionist rejimin ixtiyarında olan hərbi bazalardır. İran İslam Respublikası dost və qonşu ölkələrin ərazi bütövlüyünə və milli suverenliyinə hörmətlə yanaşdığını açıq şəkildə bəyan edib. Sözügedən hərbi bazalara edilən hücumlar heç bir halda başqa cür şərh edilməməlidir. Xarici İşlər naziri cənab Əraqçi ötən günlərdə həmin ölkələrin bəzi rəsmiləri ilə telefon danışığı aparmış və bu məsələ ətrafında geniş məsləhətləşmələr həyata keçirmişdir. İkinci sualınıza gəldikdə: Təəssüflər olsun ki, bizim danışıqlar prosesindən çox acı təcrübəmiz var. Bu təcrübə bizə göstərir ki, onlar, nəinki danışıqlar tərəfdarı deyillər, əksinə, "danışıqlar pərdəsi" altında hərbi hücum üçün zəmin hazırlamağa çalışırlar. Belə bir şəraitdə danışıqlardan söz açmaq qeyri-mümkündür. Konstruktiv bir müzakirə üçün mütləq şəkildə zəmanət olmalıdır ki, bu danışıqlar yeni bir hərbi təcavüz üçün örtük (vasitə) rolunu oynamayacaq. Hürmüz boğazının bağlanması ilə bağlı fərqli açıqlamalar gəlir. Hazırki vəziyyət necədir? Hücumlar davam edərsə bağlama ehtimalını nəzərdən keçirirmi iran hakimiyyəti? Hər hansı ölkənin gəmiləri qadağan edilibmi? Dünyanın ən mühüm kommunikasiya yollarından biri olan, xüsusilə enerji daşımaları sahəsində strateji əhəmiyyət kəsb edən Hürmüz boğazı hazırda İran tərəfindən bağlanmayıb. Lakin nəzərə almaq lazımdır ki, bu boğazda gediş-gəlişin idarə olunması İranın nəzarəti altındadır. Oradan keçmək istəyən bütün gəmilər İranın gəmiçilik təhlükəsizliyini təmin etmək məqsədilə tarix boyu tətbiq etdiyi qaydalara riayət etməlidirlər. Xüsusilə neft tankerlərinin təhlükəsizliyi bizim üçün prinsipial məsələdir; çünki bu gəmilərlə bağlı baş verə biləcək hər hansı bədbəxt hadisə region ölkələri üçün çox ağır ekoloji fəsadlara yol aça bilər. Ötən gün bəzi tankerlər İran tərəfindən elan olunmuş beynəlxalq gəmiçilik qaydalarına tabe olmadıqları üçün onlara qarşı qanuni tədbirlər görülüb. Şübhəsiz ki, hadisələrin inkişafı kritik bir həddə çatarsa və İran öz milli maraqlarını qorumaq üçün Hürmüz boğazının bağlanmasını zəruri hesab edərsə, bu addımı atacaqdır. Hücumlar nəticəsində iranda həyatını itirənlərin sayı bəllidir? Hücumlar hələ də davam etdiyi üçün dəqiq itkilər barədə yekun rəqəm söyləmək hələlik mümkün deyil. İran Qızıl Aypara Cəmiyyətinin dünən günorta saatlarına olan rəsmi məlumatına əsasən, 201 şəhid və 750 yaralı qeydə alınmışdı. Lakin təəssüf hissi ilə qeyd etməliyəm ki, hazırda bu rəqəmlər artıb və son statistikalar hələ dəqiqləşdirilməkdədir. Tehranda hədəf alınan Qandi xəstəxanası ilə bağlı itkilər hələ bu rəqəmlərə əlavə olunmayıb. Həmçinin, qeyd olunan 201 nəfər şəhid xəbəri yayıldığı vaxt Minab şəhərindəki məktəbli şəhidlərin sayı 140 idi, lakin hazırda bu rəqəm 180-ə çatıb. Bu statistikalar təcavüzün başlanğıcından ikinci günün günorta saatlarına qədər olan dövrü əhatə edir. Mən həmkarım Hüseynə bəyə tapşıracağam ki, hər gün hərbi təcavüzlə bağlı ən son məlumatları sizə göndərsin. Baxmayaraq ki, biz bu hadisələrin ən qısa zamanda dayandırılacağına ümid edirik. Əgər başqa sualınız yoxdursa, hər birinizə təşəkkür edirəm. Çox sağ olun.   ***  
© 2019 - economy@mfa.ir